Hər şeydən əvvəl oğul ataya bənzəməyə calışır. Amma bu o demək deyil ki, analar oğullarına təsir edə bilmirlər. Əgər kişinin vərdişləri ürəyinizcə deyilsə, onda aşağıdakı qaydaları bir yerə qeyd edin!
1. Oğlunuzu böyük oğlanların yanında təhqir edib, ünvanına kobud sözlər işlətməyin. Başqa kişiləri ona misal göstərməyin.
2. Oğlunuzun ancaq sizə məlum sirlərini heç kimin yanında üzünə vurub, onunla zarafat etməyin.
3. Onun suallarından qaçmayın, əksinə, ən mənasız sualına belə fikir verin. Çünki oğlan uşaqları boş-boşuna heç nə soruşmurlar.
4. Oğlana 5 yaşından ayaqqabısını geyməyi, səhər qalxan kimi yerini yığışdırmağı, zibili həyətə aparmağı öyrədin.
5. Onu babasına, atasına hər hansı işi görməkdə kömək göstərmək istəyini boğmayın. Onu balacalıqdan kişi işlərinə həvəsləndirin.
6. Uşaq evdə texnika, stol-stul söküb yığmağı xoşlayırsa, onu danlamayın. Yaxşısı budur, köhnə bir radio, ütü və ya stul tapıb verin ki, rahatca məşğul olsun.
7. Oğlunuz həyətdə oynayıb, evə cırılmış şalvar, çirkli köynək, sıyrılmış dirsək, göyərmiş üzlə qayıdanda ona ağzınızdan çıxanı deməyin. Əksinə, hadisənin necə baş verməsini guya maraqlanırmış kimi öyrənin və məsləhət verin: zərbədən necə yayınmalı, cızılan yerə soyuq su qoymağı və s. Belə etməsəniz gələn dəfə oğlunuz zədələnmiş yeri sizdən gizlədəcək.
8. Söz verdiyiniz işi yerinə yetirin və uşaqdan da bunu tələb eləyin.
9. 10. Uşağı körpəlikdən idmana, dərnəyə və ya hər hansı incəsənət növünə yazdırın ki, günü boş keçməsin.
10. Oğlan uşağına qadına, qıza hörmət etməyi 4-5 yaşından öyrədin: avtobusda yer verməyi, qapını açıb ötürməyi, pilləkəndən düşərkən əl uzatmağı və s.
11. Oğlunuzu bazar-dükana, işıq, qaz idarəsinə, poçta, MİS-ə gedəndə özünüzlə aparın ki, sonradan bu işlərinizi rahatca ona etibar edəsiniz.
12. 9-10 yaşından uşağı ailə məsələlərinin müzakirəsinə qatıb, fikrini öyrənin. Məsələn: bu il hansı əşyalar alınacaq, istirahətə hara gedəcəksiz və s.
13. Əgər işləyirsizsə və evdə az tapılırsızsa, yaxın qonşulara oğlunuzanəzarət etməyi, özünü necə apardığını izləməyi və bu barədə vaxtaşırı sizə məlumat verməyi xahiş edin.
14. Təbii ki, oğlunuzun bundan xəbəri olmasın.
15. Oğlunuzun kimlərlə dostluq etdiyini bilin. Özünüz həmin uşaqları evinizə dəvət edin.oğlunuzun dostlarının valideynləri ilə tanış olub, münasibət qurun. Bu hamınıza uşaqlara nəzarət etməkdə kömək olar. Axı onlar da övladlarından nigaran valideynlərdir.
Leyla NƏBİYEVA