Azərbaycanda 15 yaşına qədər uşaqların əməyindən istifadəyə qadağa qoyulacaq. Milli Məclis artıq bu Məcəlləyə əlavə və dəyişikliyi təsdiqləyib. Amma qanunun qüvvəyə minməsi üçün onu prezident də təsdiqləməlidir.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanunu pozanlar üçün məsuliyyət də nəzərdə tutulur. Amma bu qanun kəndli-fermer təsərrüfatlarında çalışan uşaqlara şamil olunmayacaq.
İclasda Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn ölkədə 2 milyon 21 min uşağın olduğunu xatırladaraq deyib ki, uşaqların sosial müdafiəsi zəif təşkil edilib.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov Azərbaycanda uşaqlara dövlət qayğısının həmişə hiss edildiyini, yeni uşaq evlərinin, orta məktəblərin tikilib istifadəyə verildiyini bildirib.
Qanunun yararsız olacağınıda düşünənlərdə var. Beləki, “Uşaq Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Yusif Bəkirov belə hesab edirki, Əmək Məcəlləsinə uşaqəməyindən istifadənin qadağası ilə bağlı edilən dəyişikliklər kağız üzərində qalacaq.
Y.Bəkirov: “Çünki vəziyyətin düzəlməsi üçün qanunun işləməsinə nəzarət mexanizmi müəyyənləşdirilməlidir. Bu, olmadığından azyaşlı uşaqlar yenə əməyə cəlb ediləcək. Uşaqlar yenə işləyəcək, yenə istismar ediləcək. Çünki onlar evə çörəkpulu gətirməlidir. Əsas səbəb isə odur ki, sosial vəziyyət çox ağırdır”.